Milli Musiqi

Milli Musiqi

Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Xalq musiqimiz Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Vaqif Mustafazadə, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Milli Musiqi

  • Qara Qarayev - Yeddi gözəl
  • Müslüm Maqomayev - Azərbaycan
  • Üzeyir Hacıbəyov - Arazbarı

Muğam musiqisi

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. 2003-cü ildə Azərbaycan muğamı YUNESKO-nun mədəni irsi siyahısına daxil edilmişdir. Muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxuyurlar.
Çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.

Muğam musiqisi

  • Mənsur İbrahimov - Rast muğamı
  • Tacir Şahmalıoğlu - Bayatı şiraz
  • Xan Şuşinski - Qarabağ şikəstəsi
Muğam musiqisi
Pop musiqisi

Pop musiqisi

Azərbaycan pop musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1957-ci ildə Tofiq Əhmədovun rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada ansamblı Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. 1970-ci illər Azərbaycan pop musiqisin "Qızıl dövrü" kimi xarakterizə olunur. Həmin dövrdə Mirzə Babayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Oqtay Ağayev, İlhamə Quliyeva kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişlər. Müasir Azərbaycan pop musiqisi öz köklərini ənənəvi Azərbaycan xalq musiqisindən götürür.

Pop musiqisi

  • Tünzalə Ağayeva - Mən Azərbaycanlıyam
  • Polad Bülbüloğlu - Gəl ey səhər
  • Zülfiyyə Xanbabayeva - Azərbaycan

Caz musiqisi

Caz musiqisi XX əsrin 30-cu illərində Azərbaycana Amerikadan gətirilmişdir. Bakıda ilk caz orkestri Tofiq Quliyev və Niyazi tərəfindən yaradılmışdır. Bakıda ilk caz festivalı isə 1963-cü ildə keçirilmişdir. Ötən əsrin sonunda Azərbaycanda “Bakustik-caz” və “Sindikat” caz ansamblları, habelə “Arena” caz orkestri fəaliyyət göstərmişdir. 2007-ci ildən etibarən Bakı Beynəlxalq Caz Festivalı dövlət dəstəyi qazanaraq Mədəniyyət Nazirliyi tərəfindən keçirilir. Azərbaycanın müasir caz ifaçılığı sənətini məharətlə xarici ölkələrdə təmsil edən ifaçılar arasında Cəmil Əmirov, Cavan Zeynallı, Sevda Ələkbərzadə, Salman Qəmbərov, Emil Əfrasiyab, Əfqan Rəsul, Elçin Şirinov, Şahin Növrəsli, İsfar Sarabskinin adları qeyd oluna bilər.

Caz musiqisi

  • Qaya Qrupu - Sahil boyu gəzirəm o gözəli
  • Sevda Ələkbərzadə - Əlimi Bıçaq Kəsibdir
  • Vaqif Mustafazadə - Əzizəni gözləyərkən
Caz musiqisi