İçərişəhər

İçərişəhər

Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir və qala divarları ilə əhatə olunur. İçərişəhərdə bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyekti fəaliyyət göstərir. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Qız qalası

Qız qalası

Qız qalası Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidələrindən hesab olunur. Qədim qala divarlarının cənub-şərq hissəsində yerləşən Qız qalasının tarixi çox əsrarəngiz və müəmmalıdır. Onun nə zaman və kim tərəfindən tikildiyi və niyə Qız qalası adını aldığı hələ də heç kəsə dəqiqliklə məlum deyil. Qız qalası yuxarıdan baxdıqda Butanı xatırladır. Butanın odu simvolizə etdiyini nəzərə alsaq, bu qalanın bir zamanlar Zərdüştlük məbədi olduğunu yəqin etmək olar. 12-ci əsrdə Şirvanşahlar dövləti tərəfindən müdafiə məqsədləri üçün istifadə edilən Qız qalası 2000-ci ildən etibarən YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Alov qüllələri

Alov qüllələri

Üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Xarici görünüşü alova bənzəyir. Bakının ən hündür binası hesab edilən Alov Qüllələrinin hündürlüyü 190 metr, ümumi sahəsi 235 min kvadrat metrdir. Tikiliyə yataqxanalar, mənzillər və ofislər daxildir. İnşası 2012-ci ildə tamamlanmışdır. Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin "Ən yaxşı otel və turizm mərkəzi" nominasiyasının qalibi elan edilmişdir.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı

Şirvаn hаkimlərinin iqаmətgаhı olan saray XIII əsrdə Şamaxıda baş vermiş zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən ibаrətdir. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev mərkəzi 57,500 m2 ərazidə yerləşir. İraq əsilli Britaniya memarı Zaha Hədidin layihələndirdiyi bu kompleks öz ideal arxitekturası, dalğavari formaları ilə göz oxşayır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, həm də əbədiyyət effekti formalaşdırır. Binanın xətləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir. Binada konfrans zalı, qalereya salonu və muzeylər fəaliyyət göstərir. Bina 2014-cü ildə nüfuzlu London Design Museum mükafatını qazanmışdır.

Heydər Məscidi

Heydər Məscidi

2014-cü ildə inşa olunan məscid 12 min m2 sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmiş və 95 metr hündürlüyündə 4 minarə inşa olunmuşdur. 26 dekabr 2014-cü il tarixdə məscidinin açılışı olmuşdur.

Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 29 dekabr 1998-ci ildə Milli Park statusu almışdır. Hazırda bulvarın uzunluğu 16 kilometrdir. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir.

Dağüstü park

Dağüstü park

Bakının mərkəzində yerləşən Dağüstü park paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Bu məkanın unikal cəhəti ərazisindən şəhərin füsunkar mənzərəsinin izlənilə bilməsidir. Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi, eləcə də 1990-cı il 20 Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.

Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyi

1967-ci ildə əsası qoyulmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzeydir. Onun kolleksiyasına 14 minə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. 2014-cü ildə Xalça muzeyinin dördmərtəbəli yeni binası fəaliyyətə başlayıb. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalçaların geniş çeşidi təqdim edilir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13.300-dən artıq eksponat saxlanılır.

Atəşgah Məbədi

Atəşgah Məbədi

Atəşgah Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Qobustan

Qobustan

Qobustan qoruğu Azərbaycanın şərq hissəsində Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarının ərazisində yerləşir. Qobustan 40 min il əvvəl çəkilmiş 6000-dən çox qayaüstü rəsmləri ilə böyük təbii tarixi muzeydir. Burada qədim dövrlərə aid insan məskənləri, qəbr abidələri, mağaralar mövcuddur. Qayaüstü qayıq rəsmlərinin tədqiqatçısı, görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən bu rəsmlərə yüksək tarixi qiymət vermişdir. Qayaüstü rəsmlərdə vikinq gəmilərinə bənzər gəmilər taparaq, o, Vikinqlərin bu ərazilərə səyahət etdiyini yəqin etmişdir. Qobustanın digər möcüzəsi olan Qavaldaşlarının üzərinə kiçik daşlarla vurmaqla müxtəlif musiqiyə bənzər səslər çıxarmaq mümkündür. Bu da ilkin musiqi aləti kimi qiymətləndirilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.

Şəki xan sarayı

Şəki xan sarayı

Xan Sarayı 1797-ci ildə Məhəmməd Həsən xan tərəfindən tikilmişdir. Şəki Xanı Sarayı dekorativ plitələr, fəvvarələr və şəbəkə vitrajlarla bəzədilmişdir. Nizami Gəncəvinin ədəbi irsindən ilhamlanan rəssamlar Xan sarayının bəzədilməsində qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərə üstünlük vermişlər. Daxili interyer isə 18-ci əsr boyu müxtəlif zamanlarda çəkilmiş freskolarla bəzədilmişdir. Freskoların çoxunda çiçəklər, ovçuluq və döyüş rəsmləri əks olunmuşdur. Böyük saray kompleksindən geriyə hal-hazırda ətrafı çinar ağaclar ilə əhatə olunan hovuzlu yay sarayı qalmışdır.

Şəki Karvansarayı

Şəki Karvansarayı

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb.

Əlincə qalası

Əlincə qalası

Şərqdəki sivilizasiyanın inkişafı mərkəzlərindən biri sayılan Naxçıvan 1500-dən çox tarixi və mədəniyyət abidəsinə malikdir və onlardan Əlincə qalası da daxil olmaqla 60-a yaxını beynəlxalq əhəmiyyətə malikdir. Əlincə qalası Səlcuq türklərinin xəzinəsi, Eldənizlər dövlətinin iqamətgahı və dövlət başçısı Müzəffər əl-din Özbəyin ömrünün son günlərini keçirdiyi məkan kimi məhşurdur. Qala dəfələrlə fəth edilmiş, dağıntılara məruz qalmış və təkrar-təkrar bərpa olunmuşdur. Məhşur Monqol sərkərdəsi Əmir Teymur Qalanın alınmazlığına özü heyran qalmış və qalanın onun orduları tərəfindən fəth olunduğuna əmin olmaq üçün özü şəxsən bura səyahət etmişdir. Əlincə – ordusu, xəzinəsi, yaşayış binaları olan kiçin şəhər kompleksidir. Tarixi abidənin bərpasına 2014-cü ildə başlanmışdır.

Şamaxı Cümə məscidi

Şamaxı Cümə məscidi

Dərbənd məscidindən sonra Qafqazın və Mərkəzi Şərqin ən qədim məscidi Şamaxı Cümə məscidi sayılır. Məscidin fasadındakı məlumata görə məscid 743-744-cü illərdə inşa edilmişdir. O dövrlərdə sonralar İslam abidələri adlandırılan bir çox buna bənzər memarlıq nümunələri tikilmişdir. Məscidin yaxınlığında mədrəsə inşa edilmiş və sonralar bu məscid kompleksin bir hissəsinə çevrilmişdir. Müharibələr, zəlzələlər zamanı bir neçə dəfə dağıntılara məruz qalan məscid dəfələrlə bərpa olunmuşdur. Son bərpa işləri 2013-cü ildə aparılmışdır. Məscidin girişi, qədim ornamentlərlə işlənmiş qübbələri bu restavrasiya nəticəsində yenidən qurulmuşdur. Məsciddə eyni vaxtda 1500 nəfərin namaz qılmağı üçün şərait vardır.

Xudafərin körpüsü

Xudafərin körpüsü

Xudafərin körpüsü Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən 1027-ci ildə Araz çayı üzərində inşa edilmişdir. Unikal memarlıq abidəsi sayılan bu körpü özündə Azərbaycanın tarixi memarlığının əvəzolunmaz izlərini əks etdirir. Ağa Məhəmməd Şah Qacarın yürüşləri zamanı dağıdılan körpü daha sonradan bərpa edilmişdir. Körpünün qayaya söykənən hissəsi günlərimizə qədər qorunub saxlanmışdır. Bu körpünün yaxınlığında Xudafərin adlanan daha bir körpü mövcuddur. İkinci körpü XIII əsrdə Elxanilər tərəfindən inşa edilmişdir. Hazırda körpü Cəbrayıl rayonunun işğal altında olan ərazilərində yerləşir.

Sumuq qala

Sumuq qala

Sumuq qala Qaxın İlisu kəndi yaxınlığında yerləşən müdafiə qalasıdır. Qala 17-18-ci əsrlərdə inşa edilmişdir. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən istifadə olunmuşdur. Rəvayətə görə, qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmişdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir.

Hirkan meşələri və relikt ağaclar

Hirkan meşələri və relikt ağaclar

Hirkan meşəsi Xəzər dənizinin cənub-qərb və cənub sahillərində, Talış dağlarının ətəyində yerləşir. Bu meşə üç endemik və relikt ağacı ilə tanınır. “Velvet Maple” dünyanın ən böyük ağcaqayın ağacıdır. Adətən 20-25 metrdən hündür olan bu ağac Hirkan meşəsində 52 metrə qədər çata bilər. Şübhəsiz ki, Dəmir ağacı Hirkan meşələrinin ən diqqətçəkici relikt ağac növlərindən biridir. Bu ağacın gövdələri o qədər ağırdır ki, suda batır. Yüngül və istisevən Qafqaz Zelkova uzunömürlüdür və hətta Talış dağlarında 800-850 yaşına çatan növləri də var. Hirkan qoruğunda həmçinin Qafqaz bəbiri də daxil olmaqla bir sıra heyvan növləri qorunur.

Batabat gölü

Batabat gölü

Şahbuz rayonunda yerləşən Batabat gölü dəniz səviyyəsindən 2500 metr yüksəklikdədir. Batabat gölündə üzən ada görənləri çox təəccübləndirir. Bu kiçik ada tamamilə torfdan və otlardan ibarətdir və gölün dibi ilə heç bir şəkildə bağlı deyil. Nəticədə, o, yavaş-yavaş olsa da, il boyu, günəşin çəkildiyi tərəfə hərəkət edir. Göl kiçik bir ada üçün bir böyük xovluya bənzəyir və yerli insanlar və turistləri daim özünə cəlb edir.

Xızı dağları

Xızı dağları

Paytaxtdan təxminən 120 km məsafədə olan Xızı dağları qırmızı, çəhrayı və qəhvəyi rəngin çalarları ilə göz oxşayır. Dağların belə fərqli rənglərinə səbəb yer səthindəki dəmir tərkiblərinin yeraltı sular tərəfindən oksidləşmə vəziyyətinin dəyişdirilməsidir. Haykinq və trekkinq üçün gözəl imkanlara malik olan bu dağların unikal estetik görünüşü quşbaxışı daha fərqli təəssüratlar yaradır.

Şirvan Milli Parkı

Şirvan Milli Parkı

Şirvan Milli Parkında bir qismi Qırmızı kitaba düşmüş 230 növ quş yaşasa da, ziyarətçiləri daha çox gözəl, zərif Qafqaz ceyranları cəlb edir. Parkda qorunan ceyranlar dünyada ən az yayılmış növlərdən biri sayılır və Azərbaycan bu gözəl heyvanın yaşadığı əsas ərazidir. Buna görə də, heyvanlar təbii şəraitdə öz vətənlərində qorunub saxlanılır. Bu ərazilərdə qoruğun və milli parkın yaradılmasının əsas səbəblərindən biri məhz ceyranların təbii şəraitdə yaşayışlarını təmin etmək və sayını artırmaq idi. Bundan əlavə, Şirvan Milli Parkı flaminqo, qaşqaldaq, qu quşu, qutan və s. su quşlarının nəsli kəsilməkdə olan növləri üçün ev hesab edilə bilər.

Palçıq vulkanları

Palçıq vulkanları

Dünyadakı palçıq vulkanlarının təxminən üçdə birinə Azərbaycada rast gəlmək olar. Palçıq vulkanları daha çox Azərbaycanın şərqində və Xəzər dənizində yerləşir. Dünyanın ən böyük palçıq vulkanları da Azərbaycandadır – Böyük Kənizədağ və Torağay. Palçıq vulkanları yeraltı karbohidrogen və neft-qaz ehtiyatları ilə yaxından əlaqəli olduğuna görə bu ərazilərdə qaz səthə çıxmağa çalışır. Bu qaz sızıntısından bir neçəsi daima yanmağa davam edir və havada kiçik alovlar əmələ gətirir. Bəziləri bunun təxminən 2 min il əvvəl Azərbaycanda Zərdüşt dininin geniş yayılması ilə sıx əlaqədə olduğuna inanırlar.

Göygöl

Göygöl

Göygöl ərazisində 19 göl yerləşir. Onlardan biri – Göygöl Azərbaycanın ən gözəl gölü kimi fərqlənir. 12-ci əsrdə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib və nəticədə 1500 metr yüksəklikdə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Göygölə gedən hər bir kəs mütləq Maralgölü də seyr etməyə çalışır. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir. Göl bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilir.

Lahıc

Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam etdirilir.

Qəbələ

Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Mineral su bulaqları ürəkləri sərinlədən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir. Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir. Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Bu rekreasiya-turizm obyekti ölkəmizdə il boyu yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin edir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə xizəklə sürüşmək, uşaq istirahət mərkəzi, mehmanxana və digər xidmətləri təklif edir.