Yeni sahibkarlıq meyarları əsasında güzəştlərin tətbiqi
21 dekabr 2018-ci il tarixdə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Bu meyarlar işçilərin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur. Meyarlar sahibkarlığın tənzimlənməsi tədbirlərinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlərin həyata keçirilməsinə, həmin dəstək və güzəştlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradır.
Həmçinin ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aşağıdakı istiqamətləri əhatə edən mühüm dəyişikliklər edilmişdir:
• özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması;
• vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi;
• dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edən şəxsə (investora) əmlak vergisi üzrə müddətli vergi güzəştinin verilməsi;
• sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endirilməsi;
• mikro və kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə surətli amortizasiya normalarının tətbiq edilməsi;
• mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin (mənfəətinin) 75 faizinin gəlir (mənfəət) vergisindən azad edilməsi;
• pərakəndə ticarət və iaşə sahəsində nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi;
• KOB klaster şirkətinin mənfəətinin, əmlakının, torpağının 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilməsi;
• KOB klaster iştirakçısının mənfəətinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi;
• startapların 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi.
Ətraflı məlumat üçün bura daxil olun.